Azərbaycan Milli Elmlər Akademiyası
FOLKLOR   İNSTİTUTU

 "DƏDƏ  QORQUD"
elmi-ədəbi toplu


BU SAYIMIZDA 4 (45)

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Akademiyanın Humanitar - İctimai Elmlər Bölməsinin milli, humanitar - ictimai və milli - ideoloji təmayülünün istər elmi - mədəni, istərsə də ideoloji baxımdan əsas ağırlıq mərkəzlərindən biridir. Folklor İnstitutunun Azərbaycan milli dövlətçiliyinin, xüsusən onun milli ideoloji əsaslarının möhkəmləndirilməsində olduqca böyük əhəmiyyəti vardır. Belə ki, folklor çoxqatlı, çoxişarəli mürəkkəb bir sistemdir. Onun çoxsaylı növləri, janrları, şəkilləri, mətn tipləri və variantları ilə bərabər onların strukturunda dəyişməz, sabit modellər, məzmun və ifadə qəlibləri iştirak edir. Bu anlamda folklorun öz işarə sistemi, öz dil şifrəsi ilə açılan kodları mövcuddur. Sabit modellərdə dünya, insan və insanın mənəvi dünyası dövlət və dövlətçilik kimi anlayışlar bu sistemdə işarələnir.
Özünəqayıdış, özündən istifadə, özünüdərk yalnız folklora qayıdışla, ondan faydalanmaqla mümkündür . Cəmiyyətdə hər hansı bir ideyanın aşılanmasında, ictimai rəyin formalaşdırılmasında folklorun funksional imkanlarının reallaşdırılması effektivliyinə görə kommunikasiyanın heç bir başqa vasitəsi ilə müqayisə oluna bilməz. Çünki folklorun yaddaşında hazır kodlar mövcuddur, sadəcə olaraq informatik siqnalların göndərilməsi onların funksionallığını təmin etmiş olur. İnstitut elmi tədqiqat funksiyasından başqa bu missiyanı da yerinə yetirir. Bu mənada Folklor İnstitutu milli - mənəvi dəyərlərin qorunduğu məbəddir. Ən əski çağlardan üzü bəri xalqın yaratdığı ən gözəl dəyərlər, adətlər, ənənələr, davranışlar, oyun, yarış, tamaşa, rəqs , musiqi və söz burada qorunur. Folklorun bir tərəfdən operativ şəkildə toplanması və nəşri, digər tərəfdən isə onun aktiv kommunikativ sferaya daxil edilməsi bu İnstitutun missiyalarındandır.

AXTAR
 
 

© Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.
"Dədə Qorqud" elmi-ədəbi toplu. 2013.