Azərbaycan Milli Elmlər Akademiyası
FOLKLOR   İNSTİTUTU

 "DƏDƏ  QORQUD"
elmi-ədəbi toplu

21.7.2014

“Dədə Qorqud” jurnalının yeni sayı işıq üzü görüb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” jurnalının yeni sayı işıq üzü görüb.
Sorağı Azərbaycandan qıraqda da tanınan “Dədə Qorqud”un bu sayında “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölümü üzrə fil.ü.e.d. V.Zahiroğlu “Dədə Qorqud kitabı”nın nəşrlərindəki yanlışlıqlar və mətn həqiqətləri” məqaləsində dastandan yanlış oxunmuş “qoşuluq”, “yanal”, “qabza”, “yegə”, “saltan”, “butun”, “bin” sözlərinə düzgün yozum verməyə çalışıb.
Paul Mirobilin (İngiltərə) “Dədə Qorqud kimdir?” yazısında (ingiliscədən tərcümə edəni: fil.ü.f.d. Seyran Əliyev) oğuzların tarixi, yaşadıqları həyat tərzi, düşüncə, adət, arzuları haqda bilgi verilir, müxtəlif dövrlərdə qələmə alınmış Avropa mənşəli eposlarla müqayisə edilir, poetikasından danışılır.
Xəliyəddin Xəlilinin (tar.ü.f.d.) “Dədə Qorqud” Oğuznamələrində mifoloji təfəkkürün qapalı tsiklinin dağılması prosesi və mexaniki islam əlavəsi” məqaləsində yazır ki, eposda oğuzların təsvir olunan qəbilə, tayfa, tayfa ittifaqı həyat tərzi bütünlüklə mifoloji təfəkkürü ehtiva edir.
Nailə Əskərin “Dədə Qorqud” boylarındakı şeirlərdə bədii təsvir vasitələri” məqaləsində şeirlərdə bədii təsvir vasitələri tədqiq edilib.
Hikmət Quliyev “Müdrik qoca arxetipinin Dədə Qorqud paradiqması” məqaləsində müəyyənləşdirir ki, mədəniyyətdə Dədə Qorqud obrazı həm yaradıcı, həm də dağıdıcı semantikanı ehtiva edir.
Aynur Hüseynova ““Dədə Qorqud kitabı”nda su kultu” məqaləsində bu qənaətə gəlir ki, su stixiyası ilə bağlı inamlar “Dədə Qorqud kitabı”nda xüsusi zənginliyə malikdir.
Jurnalın bu bölümündə dərc olunmuş Mehmet Can Cihanın (Türkiyə, Sakarya) ““Dədə Qorqud kitabı” Pertev Naili Boratavın tədqiqatlarında” məqaləsi də diqqəti çəkir.
Fil.ü.e.d. prof. Füzulu Bayatın “Türk mədəniyyətində seyidlik” məqaləsində mövzuya hərtərəfli yanaşma (Seyidlik və milli mənsubiyyət, təsəvvür qavramında seyidlik, yaxud mənəvi seyidlik və s.) var.
Jurnalın bu sayında bir sıra başqa maraqlı elmi araşdırmalar da yer alıb.
Bildirək ki, rüblük nəşr olunan “Dədə Qorqud" jurnalının indiyə kimi 49 sayı işıq üzü görüb.

AXTAR
 
 

© Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.
"Dədə Qorqud" elmi-ədəbi toplu. 2013.