Azərbaycan Milli Elmlər Akademiyası
FOLKLOR   İNSTİTUTU

 "DƏDƏ  QORQUD"
elmi-ədəbi toplu

30.4.2015

“Dədə Qorqud” jurnalının 52-ci sayı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan “Dədə Qorqud” toplusunun 52-ci sayında həmişəki kimi maraqlı araşdırmalar yer alıb. Fil.ü.e.d., prof. Əzizxan Tanrıverdinin “Qohum sözü işığında, yaxud fərqli şərh və transkripsiyalara münasibət” məqaləsində “Dədə Qorqud kitabı”nda qohumluq münasibətlərini bildirən sözlər araşdırılır. Burada Drezden nüsxəsində və dastanın müxtəlif nəşrlərindəki “kavım”, “kavum”, “qoma” kimi sözlər müqayisə edilir və bu sözlərin transkripsiyası “Dədə Qorqud kitabı”nın mətni əsasında dəqiqləşdirilir.
Fil.ü.f.d. Siracəddin Hacının “Qaracaoğlanın şeirlərində eşq və aşiq” adlı məqaləsində Qaracaoğlanın şeirlərinin dini-təsəvvüfi və bədii qaynaqları, o sıradan aşıq şeiri ilə əlaqələri araşdırılır.
Fil.ü.f.d. Əflatun Baxşəliyevin “Nəbi Xəzri və folklor qaynaqları” yazısında N.Xəzrinin lirik və epik yaradıcılığının folklor qaynaqları tədqiq edilir. Şairin xalq yaradıcılığı ruhunda yazılmış əsərləri aşıq şeiri ilə müqayisə olunur.
“Əfsanə və rəvayətlərdə formullar” (Şəhla Hüseynli) məqaləsində əfsanə və rəvayətlərdə işlənən formulların özünəməxsus semantik cəhətləri həmin janrların mahiyyəti ilə əlaqəli şəkildə şərh edilir.
Qədim Rufullayevin “Z.Yaqub şifahi və yazılı ədəbiyyatın qovşağında” məqaləsində Borçalı aşıq mühitində ərsəyə gələn şairin əsərlərindəki yazılı ədəbiyyatla aşıq yaradıcılığı elementlərinin vəhdəti diqqət mərkəzinə gətirilir.
“Azərbaycan nağıllarının rus dilinə tərcüməsində leksik üslubiyyat və bədii nitq problemləri” (Nailə Əbilova) adlı yazıda Azərbaycan nağıllarının rus dilinə tərcüməsi prinsipləri araşdırılır, tərcümə işində dil resursları, leksik üslubiyyat və bədii nitq məsələlərinin qarşılıqlı əlaqəsi öyrənilir.
“Peyzaj: bədii əsərin strukturunda onun yeri və rolu” (Günel Hüseynova) yazısında peyzajın bədii əsərin strukturunda yeri və onun funksiyalarından bəhs edilir.
Vüsalə Zeynalovanın “Şəhriyarın anadilli poeziyasında folklor etnik-milli düşüncə layı kimi” adlı yazısında XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən görkəmli simalarından olan M.Şəhriyarın poeziyasının folklorla bağlı aspektləri öyrənilir.
Cəmilə İsbəndiyarovanın “Məhəbbət dastanlarında ənənəvi motiv və tarixi ənənələrin ötürülməsi” məqaləsində ənənəvi məhəbbət dastanlarının yaranması, problemin qoyuluşu və süjet xətti boyunca mövzunun işlənməsi tarixi inkişaf zəminində araşdırılır.
Eləcə də jurnalın bu sayında dərc olunan “Azərbaycan folkorundan yeni nümunələr – Yardımlıdan toplanan folklor nümunələri”, “Qardaş türk folklorundan. Rumeli: İzi itmiş tarix”, “Folklorun yazılı ədəbiyyatda inikası”, “Aşıq poeziyasına yeni baxış”,“İtkilərimiz: Cavad Heyət” adlı yazılar da diqqəti çəkir.

AXTAR
 
 

© Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.
"Dədə Qorqud" elmi-ədəbi toplu. 2013.